MÖVZU II. İSTEHSAL EHTİYATLARININ UÇOTU


            İstehsal ehtiyatları, onların qiymətləndirilməsi və uçotunun vəzifələri

            İstehsal ehtiyatlarının hərəkətinin sənədləşdirilməsi

            Materialların uçotu

            ATƏ-nin uçotunun xüsusiyyətlənməsi

ƏLAVƏ ƏDƏBİYYAT

  1. 1.      M.Q.Beyqelğzamer. Uçet gkonomiki materialğnıx resursov. Moskva 1997
  2. 2.      Q.Ə.Abbadsov «Materialların uçotunun təşkili və onun təkmilləşdirilməsi istiqamətləri», «Maliyyə və uçot» jurnalı, № 10, 12. 2002-ci il
  3. 3.      S.M.Süleymanov «İstehsal ehtiyatlarının uçotu və auditi». Bakı 2003

 

2.1. İstehsal ehtiyatları, onların qiymətləndirilməsi və uçotunun vəzifələri

İstehsal ehtiyatları müəssisənin materiallara olan tə­lə­batını təmin etməklə istehsal və təsərrüfat fəaliyyətinin hə­yata keçirilməsində əmək əşyası kimi is­ti­fa­də olunur. İs­­tehsal ehtiyatlarını fərqləndirən əsas xüsusiyyət odur ki, onların də­yəri istehsal olunmuş məhsulun maya dəyərinə tamlıqla daxil olur və bu za­man öz xarici formasını dəyişirlər. Qeyd edilənlərdən yuxarıda göstərilən birin­ci üsuldan (orta maya dəyəri üzrə) bizim uçot təcrübəsində daha çox istifadə olunur. Sonrakı üsullardan isə beynəlxalq təcrübədə daha çox istifadə olunur.

Sənaye məhsulu istehsalı sahəsində əmtəə-material qiymətlilərinin həcmi daima artmaqdadır. Mövcud hesablamalara görə istehsal olunmuş məhsul­la­rın maya dəyərində material ehtiyatlarınrın həcmi maşınqayırma sənayesində 60%, yüngül və kimya sənayesində 70-90% -ə qədər təşkil edir. Ona görə də istehsal ehtiyatlarının mühasibat uçotunun düzgün və səmərəli təşkil olunması sərbəst bazar iqtisadiyyatı şəraitində mühüm vəzifələrdən biridir.

İstehsal ehtiyatları, istifa­də olunması xarakterindən asılı olaraq və isteh­sa­latda ro­lu nəzərə alınmaqla xammal, materiallara, yanacağa, ta­ra və tara ma­teriallarına, ehtiyat hissələrinə, azqiymətli və tez köhnələn əşyalara və s. bölünür.

Hazırki şəraitdə olaraq istehsal ehtiyat­la­rı­nın uçotunun qarşısında aşağıdakı vəzifələr durur:

  1. Materialların tədarükü, daxil olması və bu­raxıl­ma­sı ilə əlaqədar olan sənədlərin düzgün və vaxtında rəs­miy­yətə salınması, onlara sərf olunmuş xərclərin düz­gün­lü­yünə nəzarət etmək;
  2. İstehsal ehtiyatlarının saxlanmasına və hərə­kə­ti­nə nəzarət;
  3. İstehsal ehtiyatları üzrə müəyyən olunmuş nor­ma­ların düzgün yerinə yetirilməsinə daimi nəzarətin tə­min olunması;
  4. Əmtəə-material dəyərlərinin istehsalatda əsas­lan­dı­rılmış normalar üzrə sərf olunmasına daimi nəzarətin tə­min olunması;
  5. Texniki tullantıların, itkilər və onlardan istifadə olun­ması imkanları üzərində nəzarət;
  6. Əmtəə-material satıcıları ilə hesablaşmaların vax­tında icra olunması, yolda olan material dəyərləri üzə­rində nəzarətin aparılması və s.

Qeyd edilən bu vəzifələrin həlli bilavasitə uçotun düzgün təşkili sayəsində yerinə yetirilə bilər.

«Mühasibat uçotu haqqında» Azərbaycan Respub­li­kası Qanununda müəy­­­yən olunduğuna görə xammal, əsas və köməkçi materiallar, yanacaq, alın­mış ya­rım­­fab­ri­katlar, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, məh­sulların (mal­la­rın) qablaşdırılması və daşınması üçün istifadə olunan taralar və digər material eh­tiyatları uçot və hesabatda onların faktiki maya dəyəri üzrə əks etdi­ri­lir. Ma­te­ri­al ehtiyatlarının faktiki maya dəyəri, mal­satan­la­rın kreditə verdikləri həmin ehtiyatlar üçün faizləri, təc­hi­zat, xarici iqtisadi təşkilatlarla ödənilən əlavələr (üs­tə­lik­lər), komissiyon rüsumları, mal birjaları xidmətlərinin dəyəri, gömrükxana rüsumu, kənar təşkilatlar tərəfindən həyata keçirilən daşınma, saxlanma xərcləri və s. xərclər daxil edilməklə onların alınmasına çəkilən xərclərdən (əla­və dəyər vergisini çıxmaqla) asılı olaraq müəyyən edilir.

Azərbaycan Respublikasında mövcud olan qanun­çu­luğa görə istehsala silinən material ehtiyatlarının fak­ti­ki maya dəyəri ehtiyatların qiymətləndiril­mə­sinin meto­d­la­rından biri ilə, yəni orta maya dəyəri üzrə, vaxta görə birinci alınanların maya dəyəri üzrə (FİFO), vaxta görə sonuncu alınanların maya dəyəri üzrə (LİFO) müəy­yən­ləş­dirilə bilər.

2.2. İstehsal ehtiyatlarının hərəkətinin sənədləşdirilməsi

Müəssisələrdə aparılan bütün təsərrüfat əməliy­yat­ları mövcud qanun­çu­luq tələblərinə uyğun olaraq müvafiq ilkin sənədlərlə rəsmiyyətə salınmalıdır.

Materiallar müəssisələrə satınalınmaqla, habelə mal­satan təşkilatlardan təh­­təlhesab şəxslər vasitəsilə nəğd pulla alınmaqla, eyni zamanda əsas vəsait­lə­rin və az­qiymətli və tezköhnələn əşyaların ləğv edilməsindən əl­də olunmaqla və s. daxil olur.

Bir qayda olaraq müəssisələrə daxil olan materiallar üzərində nəzarətlə ilk növbədə təchizat şöbələri məşğul olurlar. Materialların tələbata uyğun daxil olmasını təmin etmək üçün satıcılarla müqavilə bağlanılır.

Müəssisəyə daxil olmuş materiallar üzrə sənədlər təc­hizat şöbəsi tərəfin­dən yoxlanılır və bundan sonra daxil olmuş materialların dəyərinin ödə­nil­məsi üçün mühasibatlığa razılıq verilir. Bu məq­səd­lə müəssisəyə daxil olan bütün materialların qey­diy­yatı aparılır.

Müəssisə ünvanına daxil olmuş materiallar ekspe­di­tor (daşıyıcı) tərə­fin­dən qəbul olunur və müəssisənin an­bar müdirinə təhvil verilir. Anbar müdi­ri­nin qəbul etdiyi materiallara mədaxil-orderi (M-4 saylı formada) tərtib olunur və ekspeditor və anbar müdiri tərəfindən imzalanır.

Materiallar malsatan müəssisənin öz nəqliyyat vasi­tə­silə, yəni avtonəq­liyatı ilə daxil olduqda material gön­də­rən əmtəə-nəqliyyat qaiməsi tərtib edir və həmin qaimə vasitəsilə yük alıcı təşkilatın anbar müdiri tərəfindən qəbul olu­nur. Be­lə­liklə, da­xil olmuş materiallar alıcı təşkilatın anbarına mədaxil olu­nur. Əmə­liy­yat­lar bu qaydada sənədləşdirildikdən son­ra həmin sənədlər anbar müdirinin gün­də­lik tərtib etdiyi mal-hesabatı ilə birlikdə müəssisə müha­si­bat­lı­ğı­na təqdim olunur. Həmin sənədlər əsasında malsatan təş­ki­latla hesablaşma aparlır.

Bir sıra hallarda alıcı təşkilatın ünvanına daxil ol­muş materiallar qəbul olu­­narkən onların yüklənmə sənədlərinə uyğun olmadığı, yəni əskik və artıq ol­ması müəyyənləşdirilir. Daxil olmuş ma­te­rial həcmində əksikgəlmə müəyyən olun­duqda, xüsusi komissiya tərəfindən və akt (kommersiya aktı) tərtib olun­ma­­­lıdır. Tər­tib olunmuş akta əsasən müəssisə ma­te­ri­alın çatışmayan məbləği üçün iddia vermək hüququ əl­də edilir. Bunun əsasında əskiki gəlmiş material həcminin malsatan tərəfindən ödənilməsi üçün ona iddia-ərizəsi təq­dim edilir. Əgər malsatan təşkilat verilmiş iddianı tə­min etməzsə iqtisadi-arbitraj məh­kə­məsinə müraciət edilə bilər.

Material müəssisədə əsas vəsaitlərin, azqiymətli və tez­köhnələn əşyaların silinməsi nəticəsində əldə edilərsə, bu­nun üçün 2 nüsxədən ibarət mədaxil-qai­mə­si tərtib edi­lir və bu sənəd əsasında materiallar anbara təhvil veri­lir. Tərtib olun­muş mədaxil-qaiməsinin bir nüsxəsi ma­te­ri­a­lı təhvil verəndə, ikinci nüs­xəsi isə anbar müdirində saxlanılır.

Təhtəlhesab şəxslər tərəfindən nəğd pulla alınan ma­teriallar (mal çeki, ara­yış və akt) onu təsdiq edən sənədlər əsasında müəssisə anbarına mədaxil edilir. Daxil olmuş materiallar müəssisə an­ba­rın­dan istehsal təsərrüfat ehti­yat­la­rına, kənar təş­ki­lat­la­ra, emal məqsədilə və ya tələbatdan artıq olan hissənin kə­nara satışı üçün və s. buraxılır. Mövcud qaydalara görə hər bir müəssisədə materialların anbara daxil olması və mə­xa­ric olunmasına icazə vermək və hə­min sənədlərə imza at­maq hüququ olan şəxslər müəssisə rəhbərliyi tərə­fin­dən əmrlə rəsmiyyətə salınmalıdır. Bu siyahı müəssisədə ma­te­rialların hərəkəti ilə əlaqədar olan bütün xidmətlərdə ol­ması vacibdir.

Anbarlardan material buraxılışı limit-zabor kartları, tələbnamə və qaimə əsasında icra oluna bilər.

Limit-zaber vərəqələri (kart M-8 və ya M-9 saylı formada) materialların gün­dəlik olaraq istehsalat və təsərrüfat ehtiyacları üzrə tərtib olunur. Bu sə­nəd­ləri bilavasitə materialların istifadəsinin limtləş­di­ril­mə­si ilə məşğul olan təchizat şöbəsi tərtib edir. Materialın sərf olunması limiti müəssisə üçün müəyyən olunmuş normalar və istehsalat proqraması üzrə hesablanır.

İki nüsxədə yazılmış limit-zaber kartının bir nüsxəsi materialları alan se­xə, ikincisi isə material anbarına verilir. Anbar müdiri kartın hər iki nüs­xə­sin­də buraxılan ma­terialların miqdarını və limitin qalığını qeyd edərək sexin kar­tına imza atır. Ayın sonunda və ya müəyyən olun­­muş limit qurtardıqdan sonra limit kartı müəssisə mü­hasibatlığına təqdim olunur.

Müəyyən olunmuş normadan artıq material bura­xıl­dıqda və bir materialı digəri ilə əvəz etmək lazım ol­duq­da onun səbəbləri və təqsirkar şəxs müəyyən olun­maq­la tələbnamə yazılır (M-11 saylı formada). Belə halda materialın bura­xıl­ma­sına direktor və baş mühəndis icazə verməlidir. Tələ­b­na­mə iki nüsxədən ibarət tərtib edir, onlardan bir nüsxəsi anbar müdirinin imzası ilə sex­də, ikinci nüsxə materialı alan şəxsin imzası ilə anbarda saxlanılır.

Müəssisə daxilində (sexlər, anbarlar arasında) ma­te­rialların buraxılması qai­mə (M-13 saylı formada) vasitəsilə sənədləşdirilir. Qa­imə iki nüsxədən iba­rət tərtib olunur. Onların bir nüs­xə­si materialı buraxanda, digəri isə materialı alanda imza atılmaqla saxlanılır. Qaimə də hesablaşma əməliyyatını ic­ra etmək üçün əsaslı sənəd sayılır.

Müəssisə daxilində müəyyən olunmuş qayda və gün­lərdə materialların mədaxil və məxaric olunmasını əks etdirən sənədlər tərtib olunmuş reyestr əsasında mü­ha­sibatlığa təqdim olunur.

2.3. Materialların uçotu

Müəssislər istehsal prosesini lazım olan materiallarda təmin etmək üçün anbarlara malik olur.

Material qiymətlilərinin qorunub saxlanması üzərində təsirli nəzarəti tə­min etmək üçün müəs­sisələrdə təchizatın təşkili, anbar və çəki-ölçü təsər­rü­fa­tı­nın vəziyyəti mühüm əhəmiyyətə malikdir. Mate­ri­al­­ların saxlanması üçün ayrılmış anbarlarda lazımi şərait yaradılmalı, anbarlarda işləyən anbar müdir­ləri ilə əm­la­kın qorunması ilə əlaqədar olaraq maddi-məsuliyyət haq­qın­­da müqavilə bağlanmalıdır.

Anbarlarda material ehtiyatlarının hərəkətinin və qalığının uçotunun apa­rılması məq­sə­di­lə anbar uçotu vərəqələrindən (M-12 forma) istifadə edi­lir. Hə­min vərəqədə (kartoçkada) hər bir materialın, nömrəsi, onun xarak­te­ris­ti­ka­sı, hərəkəti və qalığı, eh­tiyat norması əks olunur. Hər bir əməliyyatdan son­ra anbar müdiri tərəfindən materialın qalığı müəyyən olunur ki, bu da ma­terial eh­ti­yat­larına dair istənilən vaxtda informasiya əldə etməyə imkan verir.

Materialların daxil olması və istifadəsi üzrə ilkin sə­nəd­lər mühasibatlığa da­xil olur. Mühasibatlıqda materialların uçotunun bir neçə variantı mövcuddur.

Materialların sintetik uçotu onların təsnifatına uy­ğun olaraq mühasibat uço­tunda əks olunur. Müəssisəyə məx­sus olan xammal, material, yanacaq, eh­ti­yat hissə­ləri, tara və başqa sərvətlərin mövcudluğu və hərəkəti haq­qın­da mə­Lu­mat­ları ümumiləşdirmək üçün 10«Ma­­teri­al­lar» aktiv hesabı müəyyən olun­muş­dur. Həmin he­saba aşa­ğı­dakı subhesablar açıla bilər: 10-1 «Xammal və mate­ri­al­lar», 10-2 «Satın alınmış yarımfabrikatlar və kom­plektləşdirici məmu­latlar, kons­truksiyalar və deta­l­lar», 10-3 «Yanacaq», 10-4 «Tara və tara materialları», 10-5 «Eh­tiyat hissələri», 10-6 «Sair materiallar», 10-7 «Emal üçün kənara veril­miş materiallar», 10-8 «Tikinti mate­ri­al­la­rı» və s.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 20 ok­­tyabr 1995-ci il ta­rixli İ-94əmri ilə təsdiq olunmuş «Müəssisələrin mühasibat uçotunun Hesablar Planı və onun tətbiqinə dair Təlimatda» müəyyən olunduğuna gö­rə mühasibat uço­tunun müəssisələr tərəfindən qəbul olun­muş təşkili qaydalarından asılı olaraq materialların da­xil olması 15 «Materialların tədarükü və əldə edil­mə­si» və 16 «Materialların dəyərindən olan kənar­laş­malar» hesablarından istifadə et­məklə, yaxud et­mə­məklə əks etdirə bilərlər. Birinci halda malsatanlardan da­­xil ol­muş hesablaşma sənədlərinə əsasən bu və ya digər də­yər­lərin haradan daxil olma­sın­dan və materialların tədarükü və dinamikasına çəkilən məs­rəf­lə­rin xarak­te­rin­dən asılı olaraq 15«Materialların tədarükü və əldə edil­məsi» he­sabının debetinə 60 «Ma­lsatan və pod­rat­çılarla he­sab­laşmalar», 71 «Təh­təl­he­sab şəxs­lərlə hesab­laş­ma­­lar», 76«Müxtəlif debitor və kreditorlarla hesab­laş­ma­lar» və s. hesabların kre­ditinə yazılış edilir. Müəssisəyə həqiqi daxil olmuş materialların mə­daxili 10 «Materiallar» he­­­sabının debetinə, 15 «Ma­­terialların tədarükü və əldə edilməsi» hesabının kre­di­tində əks olunur.

İkinci halda bu və ya digər qiymətlilərin haradan da­xil olmasından, on­la­rın tədarükü və müəssisəyə daşın­ma­sı xərclərinin xarakterindən asılı olaraq 10 «Ma­te­ri­allar» hesabının debetində, 60 «Malsatan və pod­rat­çılarla hesablaş­ma­­lar», 20 «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 71 «Təhtəlhesab şəxs­lər­­lə he­sab­laşmalar», 76 «Müxtəlif debitor və kre­ditorlarla he­sablaşmalar» və s. hesabların kreditində əks olunur. Bu zaman materiallar, malsatanlardan on­ların daxilolma vaxtından asılı olmayaraq mədaxil edilir.

İstehsalat və təsərrüfat məqsədləri üçün həqiqətən is­tifadə olunan mate­ri­al­lar 10«Materiallar» hesa­bı­nın kreditinə, istehsal məsrəflərinin uçotunu aparmaq üçün nəzərdə tutulan (20 «Əsas istehsalat», 23 «Köməkçi istehsalat», 25 «Ümu­mi­stehsalat xərcləri», 26 «Ümumtəsərrüfat xərcləri», 31 «Gələcək dövr­lərin xərc­ləri», 44 «Tədavül xərcləri»ni və s.) və digər müvafiq hesabların de­be­tinə silinir.

Materialların kənara satışı 48 «Sair aktivlərin sa­tışı» hesabının debetində və 10 «Materiallar» he­sa­bı­nın kreditində əks etdirilir. Eyni zamanda bu mate­ri­al­lara görə malalanlardan müəssisəyə çatası məbləğdə 62 «Alıcılar və sifa­riş­çi­lərlə hesablaşmalar» hesab­ı­nın debetinə və 48 «Sair aktivlərin satışı» he­sabı­nın kre­di­tinə yazılış aparılır. 10«Materiallar» hesabı üzrə analitik uçot ma­te­ri­alların adları (növü, çeşidi, ölçüsü və s.) və saxlanma yerləri üzrə aparılır.

2.4. Azqiymətli və tezköhnələn əşyaların uçotu

Azqiymətli və tezköhnələn əşyalara tərkibində müəssisənin istehsal pro­se­sində əmək alətləri, təsərrüfat inventarları (stol, stul, mebel),  işçiləri müdafiə va­si­­tələri və s. özündə birləşdirir. Həmin qrupa daxil olan vəsaitlər əsas vəsaitlər kimi istifadə olunma nə­ti­cəsində özünün natural formasını dəyişmir və tədricən köh­nəlir.

«Mühasibat uçotu haqqında» Azərbaycan Res­pub­li­kası Qanununun 18-ci maddəsinin 8-ci bəndində aşa­ğı­da­kı əşyalar əsas vəsaitlərə aid edilməyərək azqiymətli və tezköhnələn əşyalar qrupunda uçotda əks olunurlar:

a) dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar;

b) istehsal prosesində bir dəfə iştirak edən, öz də­yə­ri­ni tamamilə məh­sulun dəyərinə keçirən və bu prosesdə na­tural formasını saxlayan sərvətlər;

v) dəyərindən və xidmət müddətindən asılı olma­ya­raq vəsait sayılan kənd təsərrüfatı maşınlarından, alət­lə­rin­dən, mexanikləşdirilmiş tikinti alətlərindən, işçi və məh­­suldar heyvanlardan başqa xidmət müddətindən asılı ol­mayaraq vahidini və dəstinin dəyəri müvafiq normativ sə­nədlərlə müəyyənləşdirilmiş əsas vəsaitlərin dəyərinin mi­nimum həddindən asılı olan əmək əşyaları;

q) dəyərindən və xidmət müddətindən asılı olma­ya­raq balıq ovu alətləri;

d) dəyərindən asılı olmayaraq fərdi sifarişlərin yaxud məmulatların seriyalı və ya kütləvi istehsalı üçün düzə­l­dil­miş mexanizmlər və alətlər;

e) vahidinin və ya dəstinin dəyərindən, xidmət müd­də­tindən asılı olma­ya­raq xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları;

ə) vahidinin və ya dəstinin xidmət müddətindən asılı ol­mayaraq müəs­si­sə­lərdə işçilərin xüsusi geyir formaları, səhiyyə, maarif, əhalinin sosial müdafiəsi və başqa düdcə idarələrində verilən geyimlər ə ayaqqabılar;

j) dəyəri kompleks tikinti-quraşdırma işlərinin maya dəyərinə üstəlik xərclər kimi daxil edilən müvəqqəti (titul­suz) xüsusi düzəldilmiş mexanizmlər, qurğular və s. tiki­n­ti­lər;

z) anbarda əmtəə-material qiymətlilərinin sax­lan­ma­sın­da və ya texnoloji pro­sesdə iştirak edən vahidinin də­yə­ri müvafiq normativ sənədlərlə müəy­yən­ləşdirilmiş əsas və­saitlərin dəyərinin minimum həddindən aşağı olan taralar;

i) dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar;

k) cavan və kökəlməkdə olan heyvanlar, quşlar, dov­şan­lar, xəzli heyvanlar, arı ailələri və təcrübə üçün sax­la­nı­lan heyvanlar;

l) tinlikdə köçürmə məqsədilə əkilmiş çoxillik ək­mələr və s.

Yuxarıda göstərilən əşyalar və sərvətlər mühasibat uço­tunda ilk dəyəri ilə, yəni onların alınması, tikilməsi ya­xud hazırlanmasına çəkilən faktiki xərc məb­ləğləri üzrə əks etdirilir. Müəssisədə bu əşyaların köh­nəl­mə məbləği üçot və hesabatda ayrıca əks etdirilir.

Müəssisəyə məxsus tərkib az­qiy­mətli və tezköhnələn əşyaların, mövcudlu­ğu və hərəkəti haq­qın­da məlumatları ümumiləşdirmək üçün 12 «Azqiy­mət­­li və tezköhnələn əşyalar» hesabı müəyyən olun­muş­dur.

Təcrübədə 12 «Azqiymətli və tezköhnələn əş­ya­lar» hesabının aşağıdakı subhesablarından istifadə edilir.

12-1 «Ehtiyatda olan azqiymətli və tezköhnələn əşyalar»

12-2 «İstismarda olan azqiymətli və tezköhnələn əşyalar»

12-3 «Müvəqqəti (titulsuz) tikintilər».

Azqiymətli və tezköhnələn əşyaların hərəkəti üzrə əməliyyatların uçotu materialların hərəkətinin uçotuna uyğun olaraq aparılır.

Azqiymətli və tezköhnələn əşyalar 12 «Az­qiy­mət­li və tezköhnələn əş­ya­lar» hesabında ilk dəyərlə uçota alınır. Azqiymətli və tezköhnələn əşyaların köh­­nəl­mə­si­­nin uçotu 13 «Azqiymətli və tezköhnələn əşyaların köh­nəl­məsi» hesabında aparılır.

Mühasibat uçotunda azqiymətli və tezköhnələn əş­ya­ların anbardan isti­fa­dəyə verilməsi onlara köhnəlmə he­sablanması və bu əşyaların istismar müddəti başa çat­dı­ğı­na görə silinməsinin uçotda əks etdirilməsi aşağıdakı qay­dada icra olunur:

1. Azqiymətli və tezköhnələn əşyalar müxtəlif istiqa­mət­lərdə istifadə olun­ması üçün anbardan istismara buraxılarkən aşağıdakı mühasibat yazılış ilə uçotda əks etdirilir:

D-t 12/2he­sabının 2«İstismarda olan azqiyməti və tez­köh­nə­lən əşyalar» üzrə subhesabı.

K-t 12/2hesabın ehtiyatda olan «Azqiymətli və tez­köhnələn əşyalar» subhesabı (faktiki maya dəyəri ilə).

Nəzərə almaq lazımdır ki, vahidinin və dəstinin də­yə­ri əsas vəsaitlərin də­yərinin minimum həddinin (550000 manat) 1/20 hissəsi qədər olan azqiymətli əşyalar istis­ma­ra verildikcə onların dəyərini birbaşa məsrəflərə aid et­mək olar. Belə əşyaların dəyəri istismara verilən kimi məs­rəf­lərə silinərək aşağıdakı yazılış aparılır:

D-t 20 – «Əsas istehsalat»;

23 – «Köməkçi istehsalat»;

25 – «Ümumi istehsalat xərcləri»;

26 – «Ümumtəsərrüfat xərcləri» və s.

K-t 12/1 «Anbarda olan ATƏ» hesabı.

İstismar vaxtı bu əşyaların qorunub saxlanmasını tə­min etmək məqsədilə müəssisədə onların hərəkəti və isti­fa­də edilməsi üzərində lazımi nəzarət təşkil olunmalıdır.

2. Azqiymətli və tezköhnələn əşyalar dəyəri onlara köhnəlmə hesab­lan­maq­la həyata keçirilir. Həmin əşyalar üzrə köhnəlmənin uço­tu passiv hesab sayılan 13«Azqiymətli və tez­köh­nələn əşyaların köhnəlməsi» hesabında ayrıca aparılır.

Azqiymətli və tezköhnələn əşyalara köhnəlmə iki formada hesablana bilər:

Əvvəla azqiymətli və tezköhnələn əşyalar anbardan is­tismara verildikdə onların vahidinin yaxud dəstinin də­yə­rinin 50%-i miqdarında köhnəlmə hesablanır, qalan 50% isə istismar müddətində yararsız olub, silindikcə (müm­kün olan istifadə dəyəri çıxılmaqla) xərclərə aid edilir. İkinci halda əşyalar istismara verildikdə 100% dəyər həcmində köhnəlmə hesablanır.

Müəssisələrdə azqiymətli və tezköhnələn əşyalara köh­nəlmə hesablanması forması qəbul olunmuş uçot si­ya­sətində müəyyən olunur.Belə ki, azqiymətli və tezköhnələn əşyalar istismara verilən zaman ilk dəfə 50 % həcmində köh­nəlmənin hesablanması aşağıdakı mühasibat yazılışı ilə uçota alınır:

D-t 20 – «Əsas istehsalat»

23 – «Köməkçi istehsalat»

25 – «Ümumi istehsalat xərcləri»

26 – «Ümumtəsərrüfat xərcləri» və s.

K-t 13 – «Azqiymətli və tezköhnələn əşyaların köh­nəl­məsi» hesabı əşyalar xüsusi təyinatlı fond­ların hesabına alınmış olsun

Bundan sonra ATƏ yararsız hala düşdükdə müvafiq qaydada tərtib olun­muş akta əsasən silinir və belə köçürmə verilir:

Dt – 13 «ATƏ-nin köhnəlməsi» hesabı – əldə edilmiş material dəyərlilərinin mümkün istifadə dəyəri çıxılaqla

Dt – 10 «Materiallar» hesabı – alınmış material qiymətlilərinin mümkün istifıadə qiyməti ilə dəyəri.

Kt – 12/2 «İstismarda olan ATƏ» hesabı – istismara buraxılmış azqiymətli əşyaların tam dəyəri.

Nəhayət, silinmiş ATƏ-yə 50 % həcmində ikinci dəfə köhnəlmə hesabla­nan zaman alınmış dəyərlilərin mümkün istifadə qiyməti çıxılmaqla aşağıdakı mühasibat köçürməsi tərtib olunur.

D-t 20 – «Əsas istehsalat» hesabı;

23 – «Köməkçi istehsalat» hesabı;

25 – «Ümumi istehsalat xərcləri» hesabı;

26 – «Ümumtəsərrüfat xərcləri» hesabı və s.

K-t 13 – «Azqiymətli və tezköhnələn əşyaların köh­nəl­məsi» hesabı.

ATƏ-nin analitik uçotu onların təsnifatı qrupları üzrə aparılır.

Özünüyoxlama sualları

  1. 1.      İstehsal ehtiyatlarına nələr aiddir?
  2. 2.      İstehsal ehtiyatları hansı metodlarla qiymətləndirilir?
  3. 3.      Materialların hərəkəti hansı ilkin sənədlərlə öz əksini tapır?
  4. 4.      Materialların sintetik uçotu üçün hansı hesablardan istifadə olunur?
  5. 5.      Materialların anbar uçotu kim tərəfindən və hansı qaydada təşkil olunur?
  6. 6.      ATƏ-yə nələr aiddir və onbar hansı hesabda uçota alınır?
  7. 7.      ATƏ-yə köhnəlmə necə hesablama və hansı hesabda uçota alınır?


Advertisements

Cavab qoy

Lütfən, şərh yazmaq üçün bu üsullardan birini seçərək daxil olun:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma